
Daim yorğunluq, ac olma hissi, beldə yağlanma?
Gün ərzində tez-tez yorğunluq hiss edirsiniz? Səhər yeməyi etdikdən bir saat sonra belə ac hissi sizi tərk etmir? Beldə və qarın nahiyəsində yağlanma müşahidə edirsinizsə, bu sadəcə stress və ya pis qidalanma deyil, insulin dirəncinin (insulin müqavimətinin) xəbərçisi ola bilər. Bu məqalədə insulin dirənci nədir, hansı simptomlarla özünü büruzə verir, hansı fəsadlara yol açır və müalicəsi necə aparılır – bütün suallara cavab tapacaqsınız.
İnsulin dirənci nədir?
İnsulin dirənci – orqanizmin hüceyrələrinin insulin hormonuna qarşı həssaslığını itirməsi vəziyyətidir. Normal şəraitdə insulin hormonu qanda olan şəkəri (qlükozanı) hüceyrələrə daşıyaraq enerji üçün istifadə olunmasına imkan verir. Lakin insulin dirənci olan şəxslərdə bu proses pozulur – qlükoza hüceyrələrə daxil ola bilmir və qanda şəkər miqdarı artır. Bədən bu vəziyyəti kompensasiya etmək üçün daha çox insulin ifraz edir. Bu da hiperinsulinemiya (qanda insulin səviyyəsinin artması) ilə nəticələnir.
İnsulin dirəncinin əsas simptomları
İnsulin dirənci tədricən inkişaf edir və bir çox insan bu vəziyyəti uzun müddət hiss etmir. Lakin bəzi ümumi əlamətlər var ki, bu problemə işarə edə bilər:
- Daim yorğunluq və halsızlıq
Hüceyrələr enerji qəbul edə bilmədikcə bədəndə enerji çatışmazlığı yaranır. - Tez-tez ac olma və şirin yeməyə istək
Xüsusilə karbonhidratlara (şokolad, şirin çörək, şirniyyat) qarşı həddən artıq meyl olur. - Beldə və qarın nahiyəsində yağlanma
İnsulin dirənci bədənin xüsusilə qarın bölgəsində yağ toplamasına səbəb olur. - Axşam yeməyindən sonra yuxululuq hissi
Qanda şəkər və insulin səviyyəsinin ani qalxıb-enməsi nəticəsində baş verir. - Konsentrasiya çətinliyi və unutqanlıq
Beynin də enerji ehtiyacı qlükoza ilə təmin olunur. Hüceyrələrin qlükoza ala bilməməsi zehni yorğunluq yaradır. - Aybaşı pozuntuları və sonsuzluq problemi (xanımlarda)
İnsulin dirənci polikistik over sindromu (PCOS) ilə əlaqəlidir. - Dəri dəyişiklikləri – tünd rəngli, qalınlaşmış dəri qatları, xüsusilə boyun, qoltuqaltı və qasıq nahiyələrində.
İnsulin dirəncinin səbəbləri
İnsulin dirənci bir neçə faktorun təsiri ilə inkişaf edə bilər:
- Yanlış qidalanma – fast food, şəkərli içkilər, yüksək glisemik indeksli qidalar
- Hərəkətsizlik – oturaq həyat tərzi
- Stress – kortizol hormonunun artması insulinə qarşı müqaviməti gücləndirə bilər
- Genetik meyl – ailədə tip 2 şəkərli diabet olanlarda risk daha yüksəkdir
- Yuxu pozuntuları – az və keyfiyyətsiz yuxu maddələr mübadiləsinə təsir edir
- Həddindən artıq çəki – xüsusilə qarın bölgəsində piylənmə risk faktorudur
İnsulin dirənci necə diaqnoz qoyulur?
İnsulin dirəncinin diaqnozu üçün həkim tərəfindən aşağıdakı analizlər təyin oluna bilər:
- Aç qarına qlükoza və insulin səviyyəsi
- HOMA-IR göstəricisi (insulin dirəncini hesablamaq üçün istifadə olunur)
- Qlükoza tolerantlıq testi (OGTT)
- HbA1c (son 3 ayın qlükoza səviyyəsini göstərir)
İnsulin dirəncinin fəsadları
Əgər vaxtında diaqnoz qoyulmaz və tədbir görülməzsə, insulin dirənci aşağıdakı ciddi xəstəliklərə yol aça bilər:
- Tip 2 şəkərli diabet
- Ürək-damar xəstəlikləri
- Hipertoniya
- Qaraciyər piylənməsi (yağlı qaraciyər)
- İnfertillik (sonsuzluq)
- Polikistik Over Sindromu (PCOS)
- Yuxu apnesi
İnsulin dirəncini necə müalicə etmək olar?
Xoşbəxtlikdən insulin dirənci düzgün həyat tərzi dəyişikliyi ilə nəzarət altına alına və hətta tamamilə geri çevrilə bilər. Aşağıdakı addımlar müalicədə əsas rol oynayır:
- Sağlam qidalanma
- Aşağı glisemik indeksli qidalar seçin: yulaf, bulqur, qarabaşaq, kəpəkli məhsullar
- Şəkər və un məmulatlarından uzaq durun
- Daha çox tərəvəz, yağsız protein və sağlam yağlar (zeytun yağı, avokado, qoz) qəbul edin
- Gün ərzində 3 əsas və 1-2 ara öyünlə balanslı qidalanın
- Fiziki aktivlik
- Həftədə ən az 150 dəqiqə orta intensivlikli idman (məsələn, sürətli yerimə)
- Əzələ inkişaf etdirici məşqlər – çünki əzələlər insulinə daha həssasdır
- Yuxu rejiminə diqqət
- Gündə ən az 7-8 saat keyfiyyətli yuxu
- Stressin azaldılması
- Meditasiya, nəfəs məşqləri, təbiətdə vaxt keçirmək kimi metodlarla stress idarə olunmalıdır
- Həkim nəzarəti ilə dərman müalicəsi
- Bəzi hallarda həkimlər metformin kimi insulin həssaslaşdırıcı preparatlar təyin edə bilər
Kimlər risk altındadır?
- Artıq çəkisi olanlar
- Oturaq həyat tərzi keçirənlər
- 40 yaşdan yuxarı olanlar
- PCOS diaqnozu qoyulmuş qadınlar
- Tip 2 diabet xəstələri olan ailələr
Daimi yorğunluq, aclıq hissi və beldə yağlanma – sadə həyat tərzi problemi kimi görünsə də, bəzən ciddi hormon pozuntularının və insulin dirəncinin xəbərçisi ola bilər. Vaxtında atılan doğru addımlar sayəsində bu vəziyyətin qarşısını almaq və sağlam, enerjili bir həyata qovuşmaq mümkündür.
Əgər siz də bu simptomlardan əziyyət çəkirsinizsə, qida rejiminizə, həyat tərzinizə və bədəninizin siqnallarına ciddi yanaşmağın vaxtıdır